BolgeXeber.Com » Bölgə » Şabranda 260 min manat hara yoxa çıxıb?

Şabranda 260 min manat hara yoxa çıxıb?

9-01-2014, 06:45
Oxunub: 2 797 İcra başçısı ilə təhsil şöbəsinin müdirinin birgə "əməliyyatı"nın ağrısını məktəb direktorları çəkiblər

Azərbaycanda əyalət rəhbərlərinin büdcəni talamaq üçün çoxsaylı yollar fikirləşdiyi sirr deyil. Ayrılan pulların böyük hissəsini məqsədli şəkildə ələ keçirməyi bacaran məmurlar sənədlər üzərində də peşəkarcasına oynamağa çalışırlar. Lakin bir çox hallarda bu prşəkarlıq işə yaramır. Çünki real vəziyyətlə xərclər arasındakı ziddiyət açıqca görünür.

JAM.AZ-ın bu istiqamətdə apardığı araşdırmalarından biri də Şabranın təhsil sektorunu əhatə edib. Rəsmi məlumatlarda rayonun Təhsil Şöbəsinə ötən ilin 11 ayı ərzində təkcə 4 maddə üzrə 260 min manat pul ayrılıb. Bununla əlaqədar keçirilən tenderlərdə də rəqəmlər yerindəcə görsənir. Amma Şabrandakı orta məktəblərin hansı vəziyyətdə olduğuni bildikdə ayrılan pulların hansı məqsədlər üçün sərf olunduğu açıqca görsənir.

Araşdırmalar nəticəsində məlum olub ki, Şabran Təhsil Şöbəsinə ayrılmış pulun 86930 manatı bərk inventarların alınmasına sərf olunub. "Kamelot" MMC tərəfindən həyata keçirilən bu əməliyyat zamanı sənədləşmələrdə bəzi orta məktəblərə parta və stolların alındığı göstərilir. Amma durumun heç də belə olmadığı deyilir. Həmin orta məktəblərə "alınmış" parta, stol və yazı taxtalarının hamısının təmir edildiyi deyilir. Iddia olunur təhsil şöbəsinin müdiri həmin təmir xərclərini də məktəb direktorlarının üzərinə qoyub.

Amma bu Şabranda yeganə pul silmə əməliyyatı sayılmır. Həmçinin rayon Təhsil Şöbəsi yumşaq inventarın satın alınması zamanı da yuxarıda qeyd olunun əməliyyatı reallaşdırıb. Bu dəfə "Zimbra" MMC-nin əliylə 45000 manatın axırına çıxılıb. Həmin pulun isə icra başçısının otağına mebel dəstlərinin alınmasına sərf olunduğu bildirilir. Düzdür, sənədləşdirmədə rəqəmlər çox şişirdilib. Hətta o da deyilir ki, ayrılmış pulun yarıdan çox hissəsi təhsil şöbəsinin müdiri ilə icra başçısı arasında bölüşdürülüb.

Bir digər yeyinti halı kimi isə digər maşın və avadanlıqların satın alınması prosesi göstərilir. Bu dəfə də işlər "Kamelot" MMC-yə həvalə olunub. Ayrılmış pulun miqdarı isə 51380 manat həcmindədir. Maraqlıdır ki, bu vəsaitə konkret olaraq nələrin alındığı belə məlum deyil.Ona görə, bu dəfəki prosesdə Şabranın icra başçısı da xüsusən yaxından iştirak edib.

Ən gülməli vəziyyət isə əsaslı təmir işlərinin aparılmasına ayrılmış pulun necə sərf olunması ilə bağlıdır. Verilən məlumatda vurğulanır ki, "İnşaat İstehsalat Təchizatı" MMC tərəfindən həyata keçirilən proses üçün ayrılmış vəsait 77000 manat olub. Və bu pulla Şabranın Təhsil Şöbəsinin binası və bir-neçə orta məktəbin təmir edildiyi deyilir. Hərçənd nəzərdə tutulmuş iki orta məktəbdə cəmi 7500 manatlıq iş görüldüyü bildirlir. Təhsil Şöbəsinin binasının təmiri isə cəmin 10 min manata başa gəlib. Yerdə qalan pulun böyük hissəsini təhsil şöbəsinin müdiri icra başçısına verdiyini dediyinə dair məlumatlar var .

Şabran təhsilində baş verən digər yeyinti və korrupsiya halları ilə bağlı daha bir araşdırmamız olacaq. Yazıda adları keçən qurumların rəhbərlərinin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com