BolgeXeber.Com » Bölgə » Bərdədə bələdiyyə sədri bütün torpaq sahələrini hərraca çıxarıb

Bərdədə bələdiyyə sədri bütün torpaq sahələrini hərraca çıxarıb

14-01-2014, 10:30
Oxunub: 3 537 Bu gün rayonun mərkəzində boş torpaq sahəsi tapmaq müşkülə çevrilib

Bərdə Şəhər Bələdiyyəsinin sədri Hikmət Miri oğlu Sadıqov səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox torpaq alverilə məşğul olur və bu zaman külli miqdar gəlir götürür. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, bələdiyyə sədri rəhbərlik etdiyi qurumun balansında olan torpaqların hərrac yolu ilə satışını özünəməxsus tərzdə həyata keçirir.

Bir neçə il bundan öncə bələdiyyələrin sərəncamında olan torpaqların hərracla satılmasına qərar verildiyini xatırladan məlumatlı şəxs iddia edir ki, bu sistem bələdiyyə sahəsindəki rüşvət və korrupsiya hallarını azaltmağa xidmət etsə də, Bərdə Şəhər Bələdiyyəsində hələ də bir sıra yollara baş vuraraq torpaq satışı həyata keçirilir: «Belə ki, adıçəkilən bələdiyyənin yetkili şəxslərinə müraciət edən sadə vətəndaşlar torpaq almaq istədiklərini bildirdikdə «auksion keçiriləndə gələrsiniz» cavabını alıb əliboş geri qayıdırlar. Lakin Hikmət Sadıqovun tətbiq etdiyi «qayda»lara əməl edənlər üçün heç bir əngəl yaradılmır. Çünki ortada maddi maraq var və bu səbəbdən də bələdiyyə sədri hərrac məsələsini ustalıqla yoluna qoymağı bacarır. Bu gün Bərdə rayonunun mərkəzində boş torpaq sahəsi tapmaq müşkülə çevrilib. Rayon sakinləri hətta özlərinə ev tikmək üçün torpaq sahəsi axtarsalar da tapa bilmirlər.

Daha doğrusu, tapsalar da, onun üzərində ev inşa edə bilmirlər. Çünki bunun üçün onlardan külli miqdarda pul tələb olunur. Ümumiyyətlə, bu gün Bərdə Şəhər Bələdiyyəsinin sədri Hikmət Sadıqovun rəhbərliyi altında rayondakı bütün torpaq sahələri hərraca çıxarılıb.

Hətta qanunla vətəndaşlara verilməli olan torpaq sahələri belə, ayrı-ayrı şəxslərə satılıb. Bərdə sakinləri də bu faktı təsdiqləyə bilərlər. Çünki artıq onlara da məlumdur ki, bələdiyyə sədri öhdəsinə düşən işi icra etməkdənsə vaxtını tamam başqa məsələlərə sərf edir. Hazırda Bərdədə əhali içməli su sarıdan ciddi əziyyət çəkir. Rayonun daxili yolları da yararsız vəziyyətdədir. Bununla bağlı sakinlər dəfələrlə bələdiyyə sədrinin qəbulunda olublar. Lakin Hikmət Sadıqov şikayətçiləri narahat edən problemlərə demək olar ki, əhəmiyyət vermir. Əgər belə olmasaydı, o zaman o, bələdiyyənin gəlirləri hesabına qeyd olunan problemləri aradan qaldırardı. Axı bu kimi işlərin icrası məhz onun üzərinə düşür». Bərdə rayonunda asfalt örtüyünün dağıldığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, yağışlı və qarlı havalarda hətta mərkəzi küçələrdə belə, gəzmək mümkün olmur: «Əgər bələdiyyənin büdcəsində yetərli vəsait olmasaydı, müəyyən mənada bunu başa düşmək olardı. Lakin rayondakı bütün evlərdən illik torpaq pulu, dükanlardan vergilər yığılır. Bəs bu pullar hara gedir, kimə və nə üçün sərf olunur?.. Bu kimi məsələlərlə bağlı bələdiyyə sədri camaata hesabat vermir.

Halbuki bələdiyyənin gəlirlərinin hara, necə və nə üçün xərclənməsinə dair müvafiq hesabat verilməlidir. Əgər aidiyyəti qurumların nümayəndələri yollarını Bərdə rayonundan salsalar, o zaman yolların dağıldığını, həmçinin əhalinin mavi yanacaq sarıdan əziyyət çəkdiyini, zibillərin vaxtı-vaxtında daşınmadığını görəcəklər. Bir sözlə, hazırda rayonda Hikmət Sadıqovdan şikayətçi olmayan adam tapmaq çətin məsələdir. Odur ki, sakinlər aidiyyəti qurumların məsələ ilə yaxından maraqlanacaqlarına ümid edirlər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Cavid Mehdisoy