BolgeXeber.Com » Bölgə » İtkin şəhidin ailəsi Gəncənin icra başçısından şikayətçidir

İtkin şəhidin ailəsi Gəncənin icra başçısından şikayətçidir

16-01-2014, 05:15
Oxunub: 2 553 Amalya Əsgərova: “Heç olmasa bizə desinlər ki, niyə belə edirlər?”
“Elmar Vəliyev həmin tədbirdə dedi ki, get, yoldaşın harada itkin düşüb, abidəni də orada qoydur. 20 yanvarda, doğum günlərində getməyə yer tapmırıq. Hansı məzarın üstündə gedib ağlayaq? Harada onları yad edək?”
Bu sualları səlahiyyət sahiblərinə gözüyaşlı Amalya Həmid qızı Əsgərova verir. Onun sözlərinə görə, həyat yoldaşı Həsən Hüseyn oğlu İsrafilli 1992-ci ildə Ağdam rayonunda itkin düşüb: “Yoldaşım Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşüb.

O, kəşfiyyat rotasının komandiri idi. 51 nəfərlə döyüşə gediblər. Yaralılar və ölənlər olub döyüşdə. Yaralılar da, ölənlərin meyitləri də qaytarılıb. Bircə İsrafildən xəbər gəlmədi. Çox axtarışlardan sonra prokurorluğa müraciət etdik. Prokurorluğun yoxlanışından sonra cavab verdilər ki, döyüş dərə - təpə olan yerdə baş tutub, yaralıları, meyitləri çıxarmaq üçün kimsə qalıb düşmənlə atışmalı olub. Yoldaşım da komandir kimi qalıb döyüşüb”.
A.Əsgərova deyir ki, uzun illər müraciətləri nəticəsiz qalıb. Mehriban Əliyevaya müraciətdən sonra məktubunu Gəncə Şəhər İcra Hakimiyyətinə göndəriblər: “O vaxt icra başçısı Eldar Əzizov idi. Çağırıb söhbət etdilər, dedilər ki, mütləq abidə qoyulacaq. Sonradan da dedilər ki, Gəncədəki Şəhidlər Xiyabanında abidə qoyurlar. Sevindik ki, heç olmasa qarşısında ağlaya biləcəyimiz bir daş parçası olacaq...”

Danışdıqca göz yaşlarını saxlaya bilməyən A.Əsgərova abidənin qoyulmamasının əsas səbəbinin məmur özbaşınalığı olduğunu deyir: “2013-cü ildə Şəhidlər Xiyabanına gedib gördük ki, bir abidə qoyublar, amma üstünə adlarını yazmayıblar. Orada Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə tədbir keçirilirdi. Şəhid ailəsi kimi söz alıb çıxış etdim. Dedim ki, doğrudan da oranı gözəl götürüblər, düzgün qayda-qanunla iş görüblər. Elmar Vəliyevə sual verdim ki, deyirsiniz ki, bizim 500-dən artıq şəhidimiz var, amma heç itkinlərin adını çəkən yoxdur. Abidənin üstünə adını da yazmayıblar. Həmin vaxt Elmar Vəliyev məni təxribatçı adlandırdı, oradan çıxartdı”.

A.Həmidova deyir ki, Gəncədə hamı onu şəhid ailəsi kimi tanıyır: “Axı mən də, yoldaşım da gəncəliyik. Hamı da bilir ki, mən şəhid ailəsiyəm. 2 övladımı yoldaşım olmadan böyütmüşəm. Axı mənə necə deyə bilər ki, təxribatçısan? Elmar Vəliyevə bir insanın itkin düşməsi asan gəlir? Əgər o da Qarabağda döyüşlərdə kiminisə itirsəydi və onun üçün təxribatçı sözünü kimsə işlətsəydi, ona xoş olardı? Biz bilmirik ki, dərdimizi kimə deyək ki, itkinlərimizin adını əbədiləşdirmək üçün abidə qoyulsun. Mehriban xanıma, Nazirlər Kabinetinə məktublar yazdım. Yenə də Elmar Vəliyevə göndərdilər. Müavini Faiq mənimlə danışanda dedi ki, sən Xırdalanda yaşayırsan, get, abidəni də orada qoysunlar. Heç olmasa bizə desinlər ki, niyə belə edirlər? Bunu desinlər, biz də sakitləşək. Bir adam çıxıb səbəbini desin də...”