BolgeXeber.Com » Bölgə » Maddi-texniki bazası omayan Şabran məktəbləri

Maddi-texniki bazası omayan Şabran məktəbləri

17-01-2014, 07:10
Oxunub: 3 758 Rayon təhsil şöbəsinin müdiri taarifləşmə cədvəllərində bir sıra əməllərə qol qoyur

Emin Mövsümov bu yolla şəxsi imkanlarını bir xeyli yaxşılaşdırmağa müvəffəq olub. Şabran rayon sakinləri təhsil şöbəsinin fəaliyyətindən, eləcə də şöbə müdiri Emin Mövsümovun bir sıra əməllərindən şikayətçidirlər. Məhz bu səbəbdən də rayon camaatı Şabran təhsilində yaşanan olaylarla əlaqədar Təhsil Nazirliyinə müraciət etmək niyyətindədirlər. Bununla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, hazırda Şabran rayon təhsili acınacaqlı durumdadır. Mənbənin məlumatında həmçinin, Emin Mövsümovun işinin öhdəsindən layiqincə gələ bilmədiyi, onun təhsil müəssisələrində bəzi xoşagəlməz olayların geniş vüsət almasına şərait yaratdığı qeyd olunur.

Hazırda Emin Mövsümovun tabeçiliyi altında fəaliyyət göstərən əksər təhsil ocaqlarında normal təlim-tədris mühitinin olmadığından söz açan məlumatlı şəxsin bildirdiyinə görə, qonşu rayonlarla müqayisədə Şabranda şagirdlərin dərsə davamiyyəti olduqca zəifdir. Bununla yanaşı, müəllim heyətində təmsil olunan bir çox şəxslər normal dolanışıqlarını təmin etmək məqsədilə ixtisaslarından kənar işlərlə məşğul olmaq məcburiyyətində qalıblar: «Şagirdlər istədikləri vaxt məktəbə gəlir, istədikləri vaxt gedirlər. Müəllimlər isə çörək pulu qazanmaq üçün məktəbdən kənar işlərlə məşğul olurlar. Elə müəllim var ki, il boyu məktəbə ayaq basmır. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov tərəfindən götürülür». Şabran Rayon Təhsil Şöbəsinin müdirinin taarifləşmə cədvəllərində bir sıra əməllərə qol qoyduğunu deyən məlumatlı şəxs iddia edir ki, Emin Mövsümov bu yolla güzəranını, şəxsi imkanlarını bir xeyli yaxşılaşdırmağa müvəffəq olub:

«Bu gün Şabran sakinlərinin hər birinə yaxşı bəllidir ki, orta məktəblərin əksəriyyətinin maddi-texniki bazası demək olar ki, yox səviyyəsindədir. Rayon təhsil şöbəsinin müdiri Emin Mövsümovun arxasında duran, ona hamilik edənlərin bir qisminin Təhsil Nazirliyində təmsil olunduğunu bilməyən yoxdur. Artıq bu, çoxlarına bəllidir. Lakin nədənsə heç kim məsələyə reaksiya, təhsil şöbəsinin müdirinin əməllərinə qiymət vermir, onun fəaliyyətini araşdırmır. Bu isə öz növbəsində, rayon sakinlərinin haqlı etirazına səbəb olur».

Bu gün Şabran rayonunda 20 tam orta məktəb, 17 ümumi orta məktəb və 12 ibtidai məktəbin fəaliyyət göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, rayon təhsil şöbəsi sanki cərimə batalyonuna bənzəyir: «Sakinlər artıq öz aralarında Şabran Rayon Təhsil Şöbəsini cərimə batalyonu adlandırırlar. Çünki son vaxtlar yol verdiyi nöqsanlar, müxtəlif neqativ hallar səbəbindən vəzifəsindən kənarlaşdırılan şəxslər məhz Emin Mövsümovla «dil tap»dıqdan, yəni onun «tələb»lərini reallaşdırdıqdan sonra təhsil şöbəsində işlə təmin olunublar. Bu isə rayon təhsilini uçuruma aparan əsas amillər sırasında qərarlaşıb». Rayonun əksər kənd orta məktəblərində yayda kəskin istilərdən, qışda isə soyuq küləyin, aramsız yağan yağış və qarın əlindən dərslərin normal səviyyədə tədris olunmadığını deyən məlumatlı şəxs orta məktəblərin bir çoxunun binasının istifadəyə yararsız olduğunu bildirir: «Məhz elə buna görə də həm istilərdə, həm də soyuq qış aylarında şagirdlərlə yanaşı, müəllimlər də dərsə gəlmirlər. Məsələ ilə bağlı sakinlər bir neçə dəfə rayon təhsil şöbəsinə müraciət etsələr də, hələ ki, sözügedən problemin həlli istiqamətində heç bir konkret addımlar atılmayıb...»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

«Gündəlik Bakı»