BolgeXeber.Com » Bölgə » Zərdab Rayon Təhsil Şöbəsinin müdirinin keçmişi haqda ilginc faktlar

Zərdab Rayon Təhsil Şöbəsinin müdirinin keçmişi haqda ilginc faktlar

17-01-2014, 10:55
Oxunub: 15 127 Zərdab RTŞ-nin müdiri kolxoz sədri işlədiyi vaxtlarda 50 ton taxılın pulunu mənimsəyərək Bakıda 3 otaqlı mənzil alıb



İcra başçısı Lütvəli Babayevin himayəsi altında həbsdən yaxa qurtaran şöbə rəhbəri dissertasiya işini kimə yazdırıb?



Bölgələrdə təhsil sisteminin tələb olunan səviyyədə olmaması bir sıra amillərlə bağlıdır. Əsas səbəblərdən biri kimi rayon təhsil şöbələrinin yetkili şəxslərinin özbaşına əməllərini göstərmək olar. Təhsil Nazirliyinin rəhbər heyətinin əksər hallarda zəif nəzarət etdikləri yerlərdəki şöbələrin məsul şəxsləri özbaşına qərar qəbul edərək fəsadlara yol açırlar. Zərdab Rayon Təhsil Şöbəsində (RTŞ) də xoşagəlməz olaylar cərəyan edən. Xatırladaq ki, şöbədə baş verən qanunsuzluqlarla bağlı keçən saylarımızda məlumat vermişdik.

Qeyd edək ki, şöbə müdiri Baba Babayev təhsil sahəsinə aid olan qanunlara əməl etməyərək özünə məxsus qaydalarla fəaliyyət göstərir. Statistikaya nəzər salsaq görərik ki, Zərdab rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində təhsilin keyfiyyəti Baba Babayevin gəlişindən sonra olduqca aşağı düşüb. Orta məktəbi bitirən məzunların ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı göstərdiyi nəticə qənaətbəxş deyil. Adıçəkilən məmur orta məktəblərin təmiri üçün Təhsil Nazirliyi tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsi hallarına yol verir. Buna görə də Zərdabdakı məktəblərin əksəriyyəti istifadəyə yararsız haldadır. Sabiq təhsil naziri Misir Mərdanovun xeyir-duası ilə vəzifəyə qoyulan RTŞ rəhbərinin keçmişdəki fəaliyyəti və yazdığı elmi işlə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Baba Babayev elm və təhsildən kənar, təsadüfi adamdır: «O, uzun illər kənd təsərrüfatı sahəsində, daha dəqiq desəm, kolxoz sədri işləyib. İşlədiyi müddətdə 50 ton taxılın pulunu mənimsəyib. Törətdiyi qanundan kənar illərin üstünün açılacağını hiss edəndən sonra Bakıya gəlib. Həmin pulların hesabına 3 otaqlı mənzil alıb. Baba Babayev namizədlik və doktorluq dissertasiyalarını özü yazmayıb.

Onun savadı buna imkan vermirdi. Doktorluğunu başqa şəxsə yazdırıb. Həmin şəxs şöbə müdirinin pulunu alıb əvəzində zəif, plagiat elmi «əsər» yazıb. Mərhum Bəkir Nəbiyevlə yerli olan Baba müəllim dissertantı olduğu şöbənin müdirindən qorxduğu üçün müxtəlif yollarla onu ələ alıb işini yazan şəxsin müdir olduğu şöbədən saxta şəkildə müdafiəyə buraxılır. Söhbət AMEA-nın Ədəbiyyat İnstitutundan gedir. Daha sonra təhsil şöbəsinin rəhbəri instituta birbaşa olaraq elmi işçi kimi götürülür. Heç bir elmi stajı olmaya-olmaya işə qəbul edilir». Mənbə deyir ki, onun müdafiəyə buraxılma protokolu da saxta olub: «Müdafiə zamanı guya səs verən alimlərin çoxu da iclasda iştirak etməyib. Amma qanunsuz şəkildə adları protokola salınıb. Bu qanunsuzluq uzun çəkmir. Şöbə müdirinin işi Ali Atestasiya Komissiyasında ilişir. Hörmətli Arif Mehdiyev Zərdab təhsilini yaman günə qoyan şəxsin dissertasiyasının elmi cəhətdən zəif və plagiat olduğunu, monoqrafiyasının üslub və orfoqrafiya səhvləri ilə dolu olduğunu görüb işi təsdiq etmir. Əvəzində «elmi iş müəllifi» komissiya sədrini məhkəmə ilə hədələyir. Buna baxmayaraq, cəhdləri bir nəticə vermir.

Daha sonra işinin təsdiq olunması üçün nəysə təklif edir, bu dəfə də alınmır. İşin sonu ilə bağlı isə heç kimin məlumatı yoxdur. Bu saxta alim doktorluq diplomu alıb, ya yox? Keçək Müəllimlər İnstitutundakı fəaliyyətinə. O, 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda kabinet müdiri, dosent və prorektor vəzifələrində çalışıb. Baba taxılların pulu hesabına özünə ev alır. Buna görə cinayət işi açılır. Amma Zərdabdakı müstəntiqə cinayət işini bağlatdırır. Sonra özünün dediyi kimi, Təhsil Nazirliyinə 5 min manat verib magistratura açdırır. Təzə rektor onu işdən çıxarmaq istəyəndə onunla da dil tapır. Bir gün şöbə müdirinin dekan olduğu magistraturada onun gətirdiyi müəllimlərdən biri ailəli gəlinin namusuna təcavüz etmək istəyir. Məsələ dövri mətbuata sızır. Rektor onu yarımştat keçirib işdən xaric edir. Bu məsələdə RTŞ rəhbərinin də dolayısı ilə günahı olub. Ancaq onun köməyinə əmisi oğlu, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çatıb. Sabiq prorektor icra hakiminin dəstəyi ilə təhsil şöbəsinə müdir təyin olunub. Şöbə müdiri başçı ilə əmi oğlu olmağını inkar etsə də, onlar həqiqətən qohumdur. Baba Babayevin oğlu Xəzri Babayev hazırda Zərdab İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri işləyir. Ədəbi terminləri düzgün tələffüz edə bilməyən bir şəxsin təhsil şöbəsinə rəhbərlik etməsi gülüncdür. Bu üzdən Zərdabda təhsil sistemi pis gündədir». Təhsil naziri Mikayıl Cabbarov məqalədə qeyd olunan fikirlərlə tanış olub Zərdab RTŞ-nin müdiri barədə lazımi ölçü götürməlidir. Növbəti saylarımızda bu şəxsin doktorluq işinin saxta olub-olmadığını araşdıracağıq.

P.S. «Gündəlik Bakı»nın yazılarından istifadə edərkən istinad etməyənlər ləyaqətsizdir.
Qarşı tərəfə də cavab haqqı tanıyırıq.
gundelik-baku.com