BolgeXeber.Com » Bölgə » Yavər Camalovun qardaşı Şirvanı özəlləşdirib?

Yavər Camalovun qardaşı Şirvanı özəlləşdirib?

22-01-2014, 12:55
Oxunub: 4 546 Rayonu viran qoyan Mərdan Camalov yol üstədir
Vəzifədən çıxarılacağını eşidən icra başçısı təcili olaraq özünə obyektlər tikdirməyə başlayıb
Polis rəisi Şahin Mirzəyev narkotacirlərin ayağını rayondan kəsə bilmir?



Ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı göz qabağındadır. Prezident İlham Əliyevin nəzarəti altında insanları narahat edən problemlər yoluna qoyulur, onların sosial durumunun yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılır. Bildiyimiz kimi, prezidentin yerlərdəki səlahiyyətləri nümayəndələri icra başçılarıdır. Yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri maksimum səylə çalışıb ölkə başçısının tapşırıqlarını yerinə yetirməlidir. Başqa sözlə desək, rayon rəhbərləri vətəndaşların mənafeyini hər şeydən üstün tutmalıdır. Təəssüf ki, bəzi məmurlar verilən tapşırıqları vaxtında icra edə bilmir.

Bəziləri isə ümumiyyətlə, qanundan kənar işlər görərək vətəndaşları incidir. Yadınızdadırsa, ötən il ərzində prezident bir neçə dəfə məmurlarla görüş keçirərək onların fəaliyyətindəki mənfi məqamlara toxundu. Ölkə başçısı daha çox icra hakimlərinə irad tutaraq onların işindən razı qalmadığını bildirdi. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən məmurlardan biri də Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalovdur. Bilməyənlər üçün deyək ki, bu şəxs müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Onun icra hakimi postuna qədər yüksəlməsində qardaşının böyük köməyi olub. Qəribədir ki, Mərdan Camalov əslən Şirvan rayonundan olsa da, həmyerlilərinə qarşı laqeyd münasibət göstərir. 2005-ci ildən Şirvana rəhbərlik edən məmur özbaşına əməlləri ilə rayon sakinlərini candan usandırıb. Dünən Şirvandakı mənbələrdən aldığımız məlumatlara görə, Mərdan Camalov rayonu özəl mülkü kimi idarə edir: «İcra başçısı harda boş torpaq sahəsi görürsə, oranı ya sahibkarlara satır, ya da özünə obyekt tikdirir. Onun gəlişindən sonra yol kənarındakı torpaq sahələrinin hamısı satılıb. Yaşıllıqların məhv edilməsi fonunda bəzi iş adamları obyekt inşa etdirib. İcra başçısı vəzifəsinə və qardaşına arxayın olaraq Şirvanda qanunsuz işlər çevirir. Hazırda «Sərvət» şadlıq sarayının yanında icra başçısı sağlamlıq mərkəzi tikdirir. Ancaq mənim bildiyimə görə, həmin yerdə hotel ucaldılacaq.

Şadlıq evinin sahibi «Moskva Mərfət» kimi tanınan şəxsdir. O, aparılan tikinti işindən narahatdır. İcra başçısını bilmək olmaz, bir də gördün ki, şadlıq sarayının ərazisini zəbt edib öz obyektinə qatdı. Bütün ixtiyar əlindədir də, nə istəsə edə bilər. Guya onun sözünün qarşısına söz deyən ikinci bir adam var? Şirvanda fəaliyyət göstərən əksər idarə və təşkilat rəhbərləri başçıdan çəkinir. Şirvan Şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyev də Mərdan Camalovla hesablaşır». Məlumat üçün deyək ki, qəzetimizin əvvəlki saylarında icra başçısının narkoticarətlə məşğul olan qohumları haqqında yazılar dərc etmişdik. Bu məqalələrdən sonra DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirərək həmin şəxsləri həbs etmişdi. Ancaq son vaxtlar rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan dəstələr yenidən fəallaşıb. Mənbənin sözlərinə görə, gəncləri və orta yaşlı insanları zəhərləyən şəxslərin rahat fəaliyyət göstərmələri polis rəisinin onlar üzərində təzyiqinin az olması ilə bağlıdır: «Şahin Mirzəyev nəyəsə görə narkotacirlərin ayağını rayondan kəsə bilmir. Şirvanlı gənclərin yetərli hissəsi narkotik maddələrin aludəçisinə çevrilib. Bəzi şəxslər bu çirkab biznesdən milyonlar əldə edir. Əvəzində isə gənclərin həyatı məhv olur. Rəisin fəaliyyəti insanlar tərəfindən çox pis qiymətləndirilir. Sakinlər «Şahmar müəllim, səni hardan tapaq?» deyir. Şirvan Şəhər Polis Şöbəsinin sabiq rəis Şahmar Paşayev olub. Bu şəxs işini bilən adam idi. Onun zamanında rayonda ictimai asayiş lazımi səviyyədə qorunurdu, narkotacirlərin fəaliyyəti məhdudlaşdırılmışdı. İndi isə vəziyyət alayı cürdür. İcra başçısı eşidib ki, vəzifədən çıxarılacaq, ona görə də sanki rayonun altını üstünə çevirir. Təcili surətdə özünə obyektlər tikdirir. Hara baxırsan, onun obyektləri gözə dəyir. Mərdan Camalov sanki Şirvanı özəlləşdirib. Rayonda hərc-mərclik baş alıb gedir. Polis rəisi kriminogen durumu nəzarətdə saxlaya bilmir. Kaş ki, narkotacirlərin yuvasına alışqansız bir barıt çəlləyi atılaydı və onların hansı qorxu hissi keçirdiyini biləydik». Sonda Şirvan ŞİH-in rəhbərinə demək istəyirik ki, Balamirzə Məmmədovun direktoru olduğu Şirvan Pedaqoji Kollecinə də bir nəzər salsın. Kollecdə özbaşınalıq dözülməz həddə çatıb. Bu barədə gələn saylarımızda geniş yazı dərc edəcəyik. Qeyd edək ki, Balamirzə Məmmədov Mərdan Camalovun dayısı, həm də bacanağıdır.

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
Gündəlik Bakı