BolgeXeber.Com » Bölgə » Şabranın icra başçısı rayonun büdcəsini necə formalaşdırır?

Şabranın icra başçısı rayonun büdcəsini necə formalaşdırır?

22-01-2014, 13:00
Oxunub: 3 278 Son yeddi il ərzində sənəd üzərində qeyd olunan şişirtmələr nəticəsinlə külli miqdarda vəsait mənimsənilib

Böyük Qafqazın şimal-şərqində, paytaxt Bakıdan 123 km məsafədə yerləşən Şabran rayonunda əhalinin üzləşdiyi sosial problemlər illərdir ki, bitib-tükənmir. İcra başçılarının dəyişdirilməsi belə məsələnin həlli yolu deyil. Çünki bu günə qədər rayonun başında dayanan şəxslər vətəndaşlardan daha çox özlərini, şəxsi imkanlarını fikirləşiblər. Əhaliyə qarşı göstərilən laqeydliyin nəticəsidir ki, bu gün rayonda bir sıra problemlər mövcuddur.

Əldə etdiyimiz məlumatları sizinlə paylaşmamışdan öncə qeyd edək ki, Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruzov Novruz Nəcəf oğludur. O, əslən Lerik rayonunun Zövnə kəndindəndir. İcra başçısı Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politoloq ixtisasını bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. 1995-ci il Lerik Rayon İcra Hakimiyyətində şöbə müdiri, daha sonra icra başçısı işləyib. 2002-ci ildə Goranboy rayonuna rəhbərlik edib. Prezidentin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə Şabran RİH-ə başçı təyin edilib. Yeddi ildir Şabranın başında duran şəxs bu müddət ərzində vətəndaşlara qarşı olmazın haqsızlıqlar edib, onların hüququnu pozub. Redaksiyamıza daxil olan məlumatlara görə, Novruz Novruzovun rəhbərliyi altında olan rayonda əksər sahələrdə çatışmazlıq müşahidə edilməkdədir: «Hər millət üçün vacib olan təhsil sistemi Şabranda iflic vəziyyətdədir. Rayonun dağlıq kəndlərində təhsil məhv olub. Müəllim çatışmazlığı var. İcra başçısı bununla bağlı olaraq Təhsil Nazirliyi qarşısında məsələ qaldırmır. Rayonda savadsızlıq baş alıb gedir. Elmə, təhsilə maraq yoxdur. Bunu yaradan isə təhsil şöbəsində məsul vəzifə daşıyan şəxslərdir. Onların başı maddi məsələlərə qarışdığı üçün şagirdlərin keyfiyyətli təhsilə yiyələnməsi unudulub. Keçən il ərzində Şabran Rayon Təhsil Şöbəsinə təxminən, 260 min manat pul ayrılıb. Keçirilən tenderlərin sayəsində büdcə vəsaiti rayonun əsas söz sahibi olan məmurları arasında bölüşdürülüb. Ən böyük pay isə sözsüz ki, başçıya çatıb. Təhsil Şöbəsinə ayrılmış pulun 86930 manatı bərk inventarların alınmasına sərf olunub. "Kamelot” MMC tərəfindən həyata keçirilən bu əməliyyat zamanı sənədləşmələrdə bəzi orta məktəblərə parta və oturacaqların alındığı göstərilir. Amma nə parta, nə də oturacaqlar alınıb. Sənəd üzərində dövlət vəsaitini siliblər. Həmçinin şöbəyə yumşaq inventarın satın alınması üçün də vəsait ayrılıb. Bəzi məmurlar "Zimbra” MMC-nin vasitəsilə 45 min manatın arxasına keçib. Digər tərəfdən, bir neçə orta məktəbin təmiri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib.

Şəxsi maraqlar üzündən rayonun təhsil sektoru yaman günə düşüb». Mənbə vurğulayır ki, Şabranın səhiyyə sistemi də ürəkaçan səviyyədə deyil: «Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti vətəndaşlara normal tibbi xidmət göstərmir. Xəstəxana hər cür şəraitlə təmin olunsa da, baş həkim qanuna zidd işlərə imza atır.

Pulsuz tibbi xidmət anlayışı burda çoxdan qüvvəsini itirib. Həkimlər xəstələri soyub soğana çevirməmiş əl çəkmirlər. Bu səbəbdən yerli sakinlər əksər hallarda Bakıdakı, yaxud qonşu rayonlardakı səhiyyə müəssisələrinə üz tutmaq məcburiyyətində qalırlar». İcra başçısının özbaşına əməlləri Şabranda işsizliyin səviyyəsini gərgin həddə çatdırıb: «Rayonda inkişaf yönündə iş aparılmır. Bütün sahələrdə problemlər mövcuddur. Normal iş yerləri yoxdur ki, camaat gedib pul qazansın, ailəsini dolandırsın. Başçı insanları yox, sanki özünü fikirləşir. Münasib iş yerləri icra hakimi və yerli idarə müdirlərinin yaxın adamları tərəfindən zəbt olunub. Camaat çox ağır vəziyyətdə yaşayır. Novruz Novruzov isə var-dövlət içində üzür. İcra başçısı Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Burda özü üçün ferma tikdirib. Digər kəndlərdə də torpağı var. Başçı rayon ərazisində onlarla ticarət obyekti tikdirib».

Şabranda həmçinin içməli su problemi də mövcuddur. Mənbə deyir ki, sakinlər içməli suya olan tələbatlarını ödəməkdən ötrü uzun məsafələr qət edib bitonla su daşıyır. Vurğulayaq ki, bölgələrdə məmur özbaşınalığı artdıqca vətəndaşlar dövlətdən incik düşməyə başlayır. Novruz Novruzovun törətdiyi fəsadlar şabranlıları dövlətdən incik salır. Bunun qarşısını almaq üçün yuxarı orqanlar səviyyəsində icra hakiminin işinə müdaxilə edilməlidir. Ən doğru addım isə başçının vəzifədən kənarlaşdırılması olardı. İnanırıq ki, ölkə rəhbərliyi tezliklə Şabran RİH-in rəhbəri barədə qərar verəcək.

Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
Gündəlik Bakı