BolgeXeber.Com » Sosial » Məktəb direktoru şəhadətnaməni pulla verir?

Məktəb direktoru şəhadətnaməni pulla verir?

28-09-2012, 10:05
Oxunub: 5 939 “Oğlumu IX sinifdən çıxarmaq istəyirdim. Ancaq 62 saylı məktəbin direktoru oğluma şəhadətnamə vermir. Şəhadətnaməyə görə məndən rüşvət istəyir”.

Bunu “Yeni Müsavat”a müraciət edən Bakı sakini Ağayar Hüseynov deyib. Şikayətçinin sözlərinə görə, 62 saylı məktəbin direktoru Mətanət Cabbarova ondan rüşvət istəyib: “Mən ayda 250 manat maaş alıram. Direktora rüşvəti necə verim? Gedib ev yarıb oğurluq edim? Bu işləri bacarmıram. Amma bu direktor mənə deyir ki, nə edirsən et, pulu gətir, ya da uşağın şəhadətnaməsini verməyəcəyəm. Məktəbin direktoru Mətanət Cabbarova deyir guya təhsil naziri qərar qəbul edib ki, bütün şagirdlər 11-ci sinfə qədər oxumalıdır. Axı belə bir qərar yoxdur. Uşağımı 11-ci sinfə qədər oxutmağa maddi imkanım yoxdur. Yenidən oğlumdan imtahan götürsünlər. Mən buna razıyam. Çünki oğlum oxuyan uşaqdır. Direktor mənə deyir get başqa məktəbdən ərizə al gətir ki, guya uşağı başqa məktəbə qoyursan, o zaman şəhadətnaməni verərik. Ondan şikayət edəcəyimi dedikdə isə mənə "nə istəyirsən elə, heç nədən qorxmuram" deyir. Kiçik övladımı da bilə-bilə sinifdə saxladılar. Məktəb direktoru mənimlə prinsip aparır".

Səslənən bu ittihamlara münasibət öyrənmək üçün 62 saylı məktəbin direktoru Mətanət Cabbarova ilə telefon əlaqəsi saxladıq. M.Cabbarova sualımızı dinlədi, direktoru olduğu məktəbdə elə bir şagirdin oxumadığını deyərək telefonu üzümüzə qapadı.