BolgeXeber.Com » Sosial » Yüksək pensiya almaq üçün nə etməli?

Yüksək pensiya almaq üçün nə etməli?

9-10-2012, 08:00
Oxunub: 5 248 İqtisadçılar yüksək pensiya almağın yollarını açıqladılar...

Azərbaycanda insanlar gənc yaşlarında pensiya barədə düşnmədiyindən onların gələcəkdə alacağı məvacib onları maraqlandırmır. Lakin pensiya yaşı çatanda məlum olur ki, o dövlətə heç bir ödəniş etməyib, heç bir maaş cədvəlinə belə imza atmayıb.
Bolgexeber.com-a edilən müraciətlərdən isə görünür ki, heç vaxt sosial sığorta ödəməyən şəxslər də var. Redaksiyaya müraciət edən Əli adlı şəxs 20 ilə yaxındır taksi sürücüsü işlədiyini və bu vaxt ərzində heç vaxt rəsmi işdə işləmədiyindən maaşa da imza atmadığını deyir. Əli kimi insanların paytaxt və regionlarda sayı minlərlədir. Belə insanların pensiyası necə olacaq? Yüksək pensiya almaq üçün Azərbaycan vətəndaşı nə etməlidir?
İqtisadçı Qubad İbadoğlu bildirdi ki, hazırda Azərbaycanda yüksək pensiya hərbi qulluqçularda, dövlət xidmətində çalışanlarda və parlament üzvlərindədir. Digər insanlarda pensiyanın yüksək həddi məhdudlaşdırılır. Bu, iş stajı və əməkhaqqından asılı deyil. İndiki metoda görə əmək pensiyasına çıxanların pensiyasının yuxarı həddinə məhdudiyyət qoyulub.
İqtisadçının sözlərinə görə, sosial sığorta ödəməklə pensiya almaq hələ öz effektini verməyib: “Həmin sistemdə yüksək əməkhaqqı hesabına formalaşmış sığortanın ədalətli bölüşdürülməsi mexanizmləri təkmil deyil. Ona görə bu sistemlə sığorta hissəsinin hesabına pensiya almaq üçün hələ uzun illər gözləmək lazımdır”.
Q.İbadoğlu hesab edir ki, Azərbaycan gənclərinin gələcəkdə yüksək pensiya almaları üçün Dövlət Sisoal Müdafiə Fonduna alternativ fondlar yaradılmalıdır. Həmin fondlar müxtəlif yaş qrupları ilə paketlər təklif etməli, həmin paketlərə uyğun olaraq gənclərin seçim imkanları olmalıdır. Belə olmayan halda gənclərə tövsiyə vermək çətindir. “Bizim pensiya fondu vahid pensiya paketi təqdim edir. Adi qaydada əmək pensiyasına çıxanlarla yaş qrupları arasında, sosial ayırmaların dərəcəsində, sığorta hesablamalarında fərq yoxdur. Yaş qrupundan asılı olmayaraq hər bir şəxs iş yerində eyni sosial ayırma ödəyir. Yaşından asılı olmayaraq onların sığorta hissəsinə toplanan məbləğ eyni mexanizmlə hesablanır”.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə bildirdi ki, 2006-cı ilin 1 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın pensiya məbləği sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılıdır. İşləyənlər işəğötürənlərlə əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar.
Fond rəsmisi qeyd etdi ki, xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinin digər üstünlükləri də vardır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların təminatında rol oynayır.
E.Babayevin sözlərinə görə, ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır: “Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir”.