BolgeXeber.Com » Sosial » Təhsil ocağı, yoxsa korrupsiya yuvası…

Təhsil ocağı, yoxsa korrupsiya yuvası…

2-11-2012, 13:25
Oxunub: 7 205 Bakı Dövlət Sosial İqtisad Kollecində antikorrupsiya əməliyyatlarını kim əngəlləyib?

Bakı Dövlət Sosial İqtisad Kollecində rüşvətxorluq və korrupsiya tüğyan edir. Kollecdən Günxəbər.com-a verilən məlumata görə, kollecin direktoru Mübariz Mahmudov bir neçə ildir ki, təhsil müəssisəsində özəl qaydalar tətbiq edir. Burada təhsil alan tələbələrdən vaxtaşırı rüşvət alınması isə adi hala çevrilib.

Mənbə bildirir ki, əyani təhsil alan tələbələrdən hər ay 20 manatdan pul yığılır. Bu pulların isə guya kollecin texniki avadanlıqlarının və bir sıra ləvazimatların alınmasına sərf olunduğu deyilir. Bundan başqa, əksər hallarda kollecdə dərslər keçirilmir və müəllimlərə tapşırılır ki, dərslərdə iştirak etməyən tələbələrə (üzrlü və ya üzrsüz ) “qayib” yazılsın. Onun sözlərinə görə, bu “qayıb”ların silinməsi üçün isə imtahanlardan öncə 100 manat rüşvət tələb olunur.

Məlumatda bildirilir ki, kollecdə qiymətlərdən asılı olaraq konkret rüşvət cədvəli müəyyənləşdirilib. Belə ki, “5” qiyməti 50 manat, “4” 40 manat, “3” isə 30 manata yazılır. Kurs işləri üçün isə bir qiymət – 50 manat ödənilməlidir.

Bildirilir ki, kollecdə ən biabırçı hal qiyabi şöbədə yaşanır ki, bu şöbənin rəhbəri İlqar adlı müəllimdir. Bu şöbədə tələbələrin bilik səviyyəsinin heç bir əhəmiyyət kəsb etmədiyini deyən mənbə bildirir ki, İlqar müəllim üçün təhsil kriteriyası ümumiyyətlə mənasızdır və burada rüşvətin miqdarı əyani şöbədən qat-qat çoxdur.

Belə ki, tələbə istər savadlı olsun, istərsə də savadsız mütləq imtahalarda tələb olunan 300 manatı ödəməlidir. Əks halda onun kursda qalması və kollecdən qovulması, bir sözlə, taleyi tükdən asılıdır. Bu faktlar bir müddət öncə 1 kursa daxil olan tələbələrin imtahan verdikləri zaman da bir daha təsdiqini tapıb.

Məlumatlı mənbənin sözlərinə görə, kollecdə ciddi korrupsiya faktları mövcuddur . Hətta bir müddət öncə kollecin Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılması gündəmə gəlsə də, sonradan bu prosesin qarşısı alındı. Ancaq ehtimal olunur ki, yaxın müddətdə kollecdə antikorrupsiya əməliyyatlarına start verilsin.

Qeyd edək ki, mənbə kollec haqqında daha ciddi faktlar açacağını bildirir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gunxeber.com