BolgeXeber.Com » Sosial » Qadın iş adamını yatağa salıb, şantaj etdi - cinayətin tarixçəsi

Qadın iş adamını yatağa salıb, şantaj etdi - cinayətin tarixçəsi

21-11-2012, 16:35
Oxunub: 3 697 İş adamına "yataq tələsi" quran dəstə üzvlərindən 4 nəfər həbsxanaya göndərildi, 1 nəfər isə məhkəmə zalından azadlığa buraxıldı.

Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadəetmə cinayətlərində ittiham olunan Göyçay rayon sakinləri – İldırım Rəhimov, Elbrus Rəhimov, Fərqanə Zeynalova, Elbrus Zeynalov və Fədayə Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bolgexeber.com xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxslər ötən il martın 2-də Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Göycay rayonunda “peşəkar” quldurluq və digər ağır cinayətlər törədən dəstənin üzvləri - Göyçay sakinləri İldırım və Elbrus Rəhimov qardaşları, onların tanışları Fərqanə Zeynalova və qardaşı Elbrus Zeynalov, Fədayə Əzizova özgə əmlakını quldurluq və hədə-qorxu yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olublar.

Planlaşdırılan tələ...

Mütəşəkkil dəstənin üzvləri fevralın 23-də saat 16:00 radələrində Fərqanə Zeynalovanın tanışı, Mingəcevir şəhər sakini Ağabala Heydərova qarşı xüsusi tələ qurublar. Plana əsasən, Fərqanə Ağabala Heydərovu yaşadığı Göyçay şəhəri Natavan küçəsi, bina 7, mənzil 4-ə çağırmalı, əvvəlcədan razılaşdırdıqları kimi, onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək soyundurub, yatağa salmalı, bu zaman İldırım Rəhimov qəfildən evə daxil olmalıymış.

İş adamı yataqda necə şantaj olundu?

Beləliklə, əvvəldən qurulmuş plan həyata keçirilir, ancaq tam yox... Fərqanə, Ağabala Heydərovu həmin mənzilə çağırır, cinsi əlaqədə olmaq üçün onu soyundurur.

Bu zaman İldırım içəri daxil olaraq, silah qismində istifadə etdiyi bıcağı Ağababanın boğazına dirəyib, zor tətbiq edəcəyi ilə hədələyərək cibində olan 209 manat pulu alır.

Onlar bununla kifayətlənməyərək Ağabala Heydərovu yaxın qohumları ilə şantaj edərək külli miqdarda - 50.000 manat pul tələb ediblər. Onlar Ağabalanı paltarlarını geyinməyə qoymayaraq, həyat yoldaşını çağırıb, onu bu vəziyyətdə göstərəcəkləri, həmçinin qızın qardaşı Elbrusa deyəcəkləri ilə hədələyiblər.

30.000 manatı verməyib, polisə şikayət etdi

Ağabala Heydərov onlara 30.000 manat verəcəyini vəd edərək, cinayətkarları ailə üzvlərini məsələyə qatmamağa razı salıb. Fevralın 24-də saat 13:00-dək 30.000 manatın veriləcəyi barədə vəd aldıqdan sonra onu pulu gətirmək üçün yola salıblar. Ağabala isə pul gətirmək əvəzinə, birbaşa polisə üz tutub.

Mütəşəkkil dəstə dəmir qəfəsdə...

Keçirilən əməliyyat tədbirləri nəticəsində dəstənin üzvləri - İldırım, onun qardaşı Elbrus və Fərqanə həbs ediliblər. Fərqanənin qardaşı Elbrus Zeynalov isə axtarışa verilib. Və bir neçə aydan sonra Elbrus Zeynalov da həbs edilib. Istintaq dövründə mütəşəkkil dəstənin üzvlərinin sayı artıb. Məlum olub ki, iş adamına qurulan tələni planlaşdıran daha bir neçə nəfər var. Saxlanılan şəxslərin ifadəsi əsasında Elbrus Rəhimov və Fədayə Zeynalov da məsuliyyətə cəlb ediliblər.

“Ağabala məni rahat buraxmırdı”

Məhkəmədə ifadə verən Fərqanə Zeynalova bildirib ki, Ağabala Heydərovla aralarında yaxın münasibətləri olub. Lakin sonra onunla ayrılsa da, Ağabala onu rahat buraxmayıb.

Onun sözlərinə görə, Ağabala Heydərovun onu rahat buraxmaması ilə bağlı İldırıma məlumat verib. İldırım isə onu cəzalandırmaq üçün bu planı qurub. Fərqanə külli miqdarda pul tələb etmək üçün heç bir danışıqlarının olmadığını deyib. O, bildirib ki, İldırım içəri girən kimi, onu başqa otağa keçirib. Ağabaladan pul tələb etməsini isə elə qapı arxasından eşidib.

“Dedim ki, onu yatağa sal...”

Məhkəmədə ifadə verən İldırım Rəhimov da Fərqanənin dediklərini qismən təsdiq edib. O, deyib ki, Ağabalanı cəzalandırmaq üçün belə addım atıb: “Fərqanəyə dedim ki, onu yatağa sal, mən gəlib, ona bir-iki şillə vuraram”.

Məhkəmədə ifadə verən digər təqsirləndirilən şəxslər də oxşar ifadələr veriblər. Onlar iş adamına qarşı qurulan tələdən danışıblar. Təqsirləndirilən şəxslər məhkəmə ifadələrində günahlarını etiraf ediblər.

Mütəşəkkil dəstə üzvlərinin suçlandığı maddələr və məhkəmə hökmü...

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və ya saxlamaq), 181.2.1, 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) maddələri ilə ittiham ediliblər.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il 6 ay, Fərqanə Zeynalova 3 il, Elbrus Zeynalov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə digər təqsirləndirilən şəxs - Fədayə Əzizova barəsində hökm çıxararkən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq edib. Məhkəmə Fədayə Əzizovaya 3 il şərti cəza verib və məhkəmə zalından azadlığa buraxıb.