BolgeXeber.Com » Sosial » Bakı polisində Aşura hazırlığı

Bakı polisində Aşura hazırlığı

24-11-2012, 11:05
Oxunub: 4 803 Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, respublikada, eləcə də paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin xüsusi tapşırığı var: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

S. Bağırov qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq: “Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, sabah yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.

Qeyd edək ki, sabah Azərbaycanda keçiriləcək Aşura mərasimləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahların siyahısını açıqlayıb.

Noyabrın 25-də Bakıda yeddi məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçiriləcək. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.