Ramanalılar zəhər udur...
7-01-2013, 12:15
Oxunub: 5 489
Əhali yod zavodlarının yaratdığı dəhşətli xəstəliklərdən əziyyət çəkir; kəndlilər həyəcan təbili çalır
Qədim Ramana kəndi 2013-cü ili problemləri ilə qarşıladı. Hələ XIII əsrdə müdafiə məqsədi ilə tikilən bu tarixi qala da çətinlikləri dəf etməyə qadir olmadı. Ona görə də əhali təzə ilə köhnədən qalan problemlərin həll olunacağı ümidi ilə baxır. Arzu olunur ki, heç olmasa şüalanmadan xəstəlik tapan qəsəbə sakinlərinin dərdinə əncam çəkiləcək.
Kənddəki yod zavodlarından bezən camaat deyir ki, onun faydasını deyil, zərərini daha çox görürlər. Yod zavodlarının tullantıları radioaktivdir. Əhali bu səbəbdən daimi təhlükə altındadır. Problemin həlli üçün layihə hazırlanır və vəsait ayrılması nəzərdə tutulur. Yalnız bundan sonra tullantıların basdırılacağı gözlənilir.
Amma hələ ki nə vəsait ayrılıb, nə də layihədən xəbər var. Nəticədə zavoda yaxın ərazidə məskunlaşan əhalinin vəziyyəti günbəgün ağırlaşır. Onların həyatı üçün kifayət qədər təhlükə olsa da hökumət bu təhlükənin mövcudluğunu inkar edir. Rəsmilər yod zavodlarının kəndlilərə təsir etmədiyini iddia etsə də reallıq başqadır. İş orasındadır ki, müəssisənin ərazisi mühafizə olunmur deyə təhlükə daha ciddi şəkil alıb. Ramanalılar deyir ki, bu haqda dəfələrlə aidiyyəti orqanlara şikayət olunub, problem mətbuatda işıqlandırılıb. Hətta qəzetimiz də məsələyə aydınlıq gətirməyə çalışıb. Problemin həllinə vəd verilib. Di gəl, sakinlərin səhhəti üçün yaranmış təhlükə olduğu kimi qalır. Belə ki, əraziyə yanmış kükürd boşaldılır, külək də həmin tullantıları evlərə, həyətlərə sovurur, yay aylarında isə evlərin qapı-pəncərəsini açmaq mümkün olmur. Zavodun ətrafındakı bütün tullantıların toz-torpağı içəri dolur. Çünki buradakı evlər az qala zavodlara bitişikdir. Müəssisə ilə yaşayış massivi arasında cəmi 15-20 metr məsafə var. Hər gün kükürd udan yerli camaat yaranmış ekoloji çətinlikdən xilas olmağın yollarını axtarır. Onların sözlərinə görə, ya hökumət yod zavodlarının tullantılarını məhv etməyə çarə tapsın, ya da onlara ayrı yerdə evlər tikilsin. Hazırda bu ətrafda yaşayan insanlar arasında qan təzyiqi, başağrısı, təngnəfəslik, tənəffüs yolları və şiş xəstəlikləri geniş yayılıb. Xüsusən də uşaqların tənəffüs yollarında xəstəliklər yaranır.
Ramana sakini Hüseynağa Axundov deyir ki, millətin genefondunu bilərəkdən məhv edirlər: “Bunu hamı təsdiqləyir ki, burada yaşamaq insan orqanizminə çox ziyandır. Uşaqlarımız şikəst olur, müxtəlif tənəffüs xəstəlikləri tapır, ciyərlərimizə zərərli maddələr daxil olur. Bu yerdə insan yaşamaz axı. İndi evlər tikilib, kasıb adamlar özlərinə daxma tikib. Nə etməli? Bizə təcili kömək etsinlər. Vəziyyət gördüyünüzdən də ağırdır. Burada bir neçə saat sonra tənəffüsünüzdə problemi hiss edəcəksiniz. Adamda boğulma, havasızlıq əmələ gəlir. Biz cəhənnəm, uşaqların gələcəyi üçün təhlükə var”.
Nadir Şərifov isə qan təzyiqindən əziyyət çəkməsindən, kiçik oğlunda astma xəstəliyi əmələ gəlməsindən gileyləndi: “Nəfəs almaq çətinləşib. Həkimlər hamı bir ağızdan deyir ki, problem yaşadığımız əraziyə görə yaranıb. Teleqram vurub demişik. Qəbul etmirlər ki, burada şüalanma var. Deyirlər ki, heç bir təhlükə yoxdur, yaşayın. Gələcəkdə həll olunacaq, planımız var”.
Şüalanma, radioaktiv problemləri ilə baş-başa qalan Ramana əhli bizimlə söhbətində həyəcan təbili çalıb hökuməti təcili tədbir görməyə çağırdı.
Kəndlilər kanalizasiya sisteminin yoxluğundan, su problemindən, içməli suyun pulla alınmasından, eləcə də kənd yollarının bərbadlığından danışdı. Yeni salınan yaşayış sahələrində yol problemi lap pis gündədir. Təzə tikilən evlər neft buruqlarının arasındadır. Ətraf isə tamamilə palçığa bürünüb. Kəndlilərin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Amma bu yolla ailə saxlamaq çətinləşib. Torpaqların neftlə həddən artıq çirklənməsi məhsuldarlığı aşağı salıb.
Onu da deyək ki, burada son illərdə bölgələrdən gələn nə qədər insan özünə yaşayış evi tikib. Evlərin çoxu ünvansızdır. 10 ildən artıq burda yaşayan insanlar var ki, hələ də faktiki yaşamadıqları rayondakı evlərində rəsmi qeydiyyatdadırlar. Kənddə pay torpağı almayan xeyli əhali olsa da artıq bir qarış da torpaq qalmayıb. Qonşu bələdiyyələrlə illərdən bəri davam edən torpaq bölgüsü problemi də həll olunmur.
Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindəndir. Kənd ağsaqqalları Ramananın tarixi haqda bir-iki maraqlı faktdan danışdı. Kənddəki qədim tikililərdən 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc Ramana qalasını göstərmək olar. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalır. Hazırda kənddə Nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olan tikililərdən isə yaşayış evi kimi istifadə olunur. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır.
Kənd ağsaqqalları ilə söhbət əsnasında öyrənirik ki, məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında “Əsədullayevin evləri” adlanan və milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər