BolgeXeber.Com » Sosial » “Azercell” “məxfi” müəssisəyə çevrilib

“Azercell” “məxfi” müəssisəyə çevrilib

15-01-2013, 01:25
Oxunub: 5 704 Şirkətin rəhbərliyi KİV-lərə təmaslardan qaçır, mətbuat xidmətinin rəhbəri isə sorğulara cavab vermir

“Azercell-Telekom” MMC ilə “Bakcell LTD” MMC arasında növbəti məhkəmə mübahisələri davam edir. “Bakcell LTD” MMC “Azercell”ə qarşı müqaviləyə əlavənin bağlanmış hesab edilməsi və zərərin ödənilməsi tələbi barədə məhkəmə iddiası qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bakcell LTD” MMC-nin iddiasını təmin edib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İndi isə işə Ali Məhkəmədə baxılacaq.
“Bakcell LTD” MMC-nin tələb etdiyi iddianın məbləği və predmeti açıqlanmır.
Qeyd edək ki, “Azercell-Telekom” MMC-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında olan “Aztelekom” İstehsalat Birliyi ilə də məhkəmə çəkişmələri var. Ən qəribəsi də budur ki, bu məhkəmə çəkişmələrinin mahiyyəti ictimaiyyətdən gizli saxlanılır. Hansı məsələnin mübahisə predmeti olduğu barədə isə heç bir məlumat verilmir. Tərəflər bu məsələdə susmağa üstünlük verirlər.
Ümumiyyətlə, mobil rabitə bazarının 55 faizinə nəzarət edən “Azercell” MMC son dərəcə qapalı bir müəssisəyə çevrilib. Şirkətin şübhəli maliyyə əməliyyatları kifayət qədər məlumatlar, partnyor müəssisələrlə çəkişməsi barədə çoxsaylı məhkəmə davaları olduğu halda, bu məsələlər ictimaiyyətdən gizli saxlanılır. “Azercell” ən azı monopolist şirkət (Azərbaycan qanunvericiliyinə görə bazarda payı 35 faizdən çox olan şirkətlər monopolist sayılır) olduğundan şirkətin məhkəmə çəkişmələrinə ictimai maraq da yüksəkdir. Ancaq şirkətin mətbuat xidməti bu tip məsələlərlə bağlı izahat verməkdən yayınır.
Şirkətin Bakı ofisinin rəhbəri dəyişdikdən sonra isə qapalılıq daha da artıb. Şirkətin rəhbərliyi KİV-lərə təmaslardan qaçır, mətbuat xidmətinin rəhbəri isə sorğulara cavab vermir.
“Azercell Telekom MMC” şirkəti 1996-cı ilin yanvarında təsis edilib. O, öz kommersiya fəaliyyətinə başladığı andan bazarda monopolist mövqeyə sahibdir. Hazırda 4 milyondan çox abonenti olan “Azercell”in rabitə bazarındakı payı 55 faizdir. Şirkətin xidmət tarifləri başqa mobil operatorlarla müqayisədə yüksəkdir. Bu da onun monopolist mövqeyi ilə bağlıdır.