BolgeXeber.Com » Sosial » Nizami Ələkbərovun biznes imperiyası çökdürüldü

Nizami Ələkbərovun biznes imperiyası çökdürüldü

18-02-2013, 09:50
Oxunub: 5 511 İşdən qovulan icra başçısının əmlakı müsadirə edildi
İsmayıllı üsyanın səbəbkarının bütün sərvəti siyahıya alındı; sabiq başçının istirahət mərkəzləri, mal-qara fermaları buldozerə verilərək yerlə-yeksan edildi; nazir qardaşının yağmalanan əmlakının siyahısı..


İsmayıllıda 23 yanvar olaylarına görə prezident İlham Əliyev tərəfindən işdən qovulan icra başçısı Nizami Ələkbərovun rayondakı bütün əmlakı siyahıya alınıb. “Yeni Müsavat”a yerli sakinlərdən daxil olan məlumatda deyilir ki, fevralın 16 və 17-də İsmayıllının görkəmli yerlərində tikilmiş və keçmiş başçıya məxsus villa, əyləncə mərkəzi, ticarət obyektlərində ayrı-ayrı dövlət qurumları tərəfindən yoxlamalar həyata keçirilib. Nizami Ələkbərovun bir neçə dağ kəndindəki malikanələrində də hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
İsmayıllıdakı yoxlanılan obyektlərin siyahısını da əldə eləmişik. Beləliklə, Nizami Ələkbərovun yağmalanan əmlakı aşağıdakılardır:
* Məmmədağalı kəndindəki 4 böyük mal ferması. Axırıncı dəfə fermalara Hollandiyadan 200 baş iribuynuzlu mal gətirilib;
* Kökəltmə qəsəbəsində 50 hektar ərazini əhatə edən balıq vətəgəsi;
* Kökəltmə qəsəbəsində 20 hektar ərazidə yerləşən daş üzlüklər sexi;
* Cülyan kəndindəki meşəlik ərazidə yerləşən 2 böyük villa və iki böyük istirahət mərkəzi;
* Buynuz kəndində qonaqlar üçün nəzərdə tutulan 2 malikanədən ibarət qonaq evi;
* Talıstan kəndində 1000 hektar meşə ərazisi hasarlanıb və böyük istirahət mərkəzi tikiləcəkmiş. Yarımçıq tikili fevralın 15-də tamamilə sökülüb;
* Talıstan kəndində böyük çörək zavodu;
* Abval deyilən ərazidə yan-yana tikilən iki böyük villa;
* Mücəftaran kəndində kömür emalı sexi;
* Lahıc, Namazgah və Qaraqaya kəndlərində kömür mədənləri;
* “Vələşin yaylağı” deyilən ərazidə yeni tikilən malikanə. İcra başçısının qardaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov buraya iki dəfə helikopterlə gəlib.
“Yeni Müsavat”ın əldə etdiyi başqa xəbərdə deyilir ki, sabiq icra başçısının rayonun mərkəzində yandırılan “Çıraq” hoteli ilə bərabər Cülyan kəndindəki istirahət mərkəzinin bir hissəsi olan iki böyük motel də fevralın 15-də yerlə-yeksan edilib. Motellərin sökülməsinə səbəb N.Ələkbərovun vəzifəsindən sui-istifadə edərək bu kənddəki meşə massivini mənimsəməsi olub. Massivdə ağacları kəsərək xeyli ərazini qeyri-qanuni özəlləşdirən sabiq başçı burada ilkin olaraq istirahət mərkəzi tikdirib. Daha sonra obyektin ərazisi genişləndirilib və əlavə iki motel də istifadəyə verilib.
Qeyd edək ki, istirahət mərkəzinin ərazisi çox hündür hasarla əhatələnib. Həmin mərkəz və ona bitişik motellər fevralın 15-də ağır texnikanın köməyilə uçurulub.
Artıq qeyd etdiyimiz kimi, Nizami Ələkbərov otelçilikdən tutmuş, kömür, daş və çörək istehsalına kimi iri biznes şəbəkəsinə malik olub. Keçmiş icra başçısı bu sahələrdə fəaliyyət göstərən firmalarına nazir qardaşı Füzuli Ələkbərovun dəstəyi ilə ən son texnikanı gətizdirərək istehsal həcmini iki dəfə artırıb. Eyni zamanda bölgədə kömür, daş üzlüklər və çörək istehsalı kimi sahələri monopoliyaya alıb.
Məsələn, ötən ilin dekabrında sabiq icra başçısının göstərişi ilə rayon ərazisindəki bütün çörək sexləri müxtəlif bəhanələrlə bağlanılıb. Səbəb Ələkbərovun Talıstan kəndindəki çörək zavodunda istehsalın iki dəfəyə qaldırılması olub. İsmayıllı da daxil olmaqla, ətraf rayonlara çörək məhz buradan paylanıb...
Eyni zamanda eks-icra başçısına məxsus daş üzlüklər istehsal edən böyük bir firma İsmayıllı da daxil olmaqla respublikanın bir çox rayonunda dövlət tərəfindən həyata keçirilən təmir-tikinti layihələrinin tenderini alıb.
İşdən qovulan başçıya məxsus digər böyük bir müəssisə kömür istehsal edən firma olub. Firma Azərbaycan da daxil olmaqla İran, Gürcüstan və Rusiyaya kömür ixrac edib. İstehsalı artırmaq üçün kəndlərdə firmaya bağlı sexlərin sayı çoxaldılıb. Bildirilir ki, İsmayıllıdakı iğtişaşlardan sonra bu obyektlər vergi məmurları tərəfindən yoxlanılıb. Ələkbərova məxsus həmin obyektlər fevralın 10-da bağlanıb.
Qəzetimiz çapa hazırlanarkən məlumat aldıq ki, sabiq icra başçısının nazir qardaşı ilə şərikliyə açdığı fermalardan da ikisi qapadılıb. Məmmədağalı kəndində yerləşən həmin fermaların mal-qarası çıxarılaraq daşınıb, gecə saat 21 radələrində isə fermalar traktorlar vasitəsi ilə uçurulub.
musavat .com