BolgeXeber.Com » Sosial » Komitə sədrindən İlham Əliyevə şikayət

Komitə sədrindən İlham Əliyevə şikayət

16-03-2013, 09:45
Oxunub: 6 278 Sahibkarlar komitə sədrinin maxinasiyalarından danışdı
Azadlıq prospekti 154 ünvanında yerləşən Gülnarə restoranının təsisçiləri ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.
Təsisçilər yazır: “Gülnarə” restoranı artıq 2 ilə yaxındır ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və qardaşı “AZINKO” şirkətinin prezidenti, deputat Malik Həsənovun birbaşa rəhbərliyi və göstərişilə sökülmüş əvəzində 6 nəfər mülkiyyətçiyə heç bir vəsait ödənilməmişdir. Dəfələrlə adıçəkilən şəxslərə müraciətlər edilsə də, bu heç bir nəticə verməmişdir.
Cənab prezident, istər sizin çıxışlarınızda, istərsə də, Azərbaycan qanunvericiliyində vətəndaşların mülkiyyəti dövlət və yaxud digər ehtiyaclar üçün söküldüyü təqdirdə, həmin əmlakların dəyəri ədalətli ödənməlidir. Bütün bunlara baxmayaraq Həsənov qardaşları nə sizin çıxışlarınıza, nə də dövlətin qanunlarına məhəl qoyur, vətəndaşları dövlətdən və sizdən narazı salırlar. Belə olan halda ortaya sual çıxır: Görəsən, Həsənov qardaşlarına kim havadarlıq edir ki, bu şəxslər heç kimə və heç nəyə məhəl qoymur?
Eyni zamanda qeyd edirik ki, bizdə olan məlumata əsasən Həsənov qardaşları Yusif Qəmbərovun əlilə söküntü əməliyyatlarında çlx ciddi qanun pozuntularına yol verməkdədirlər. Onlar vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrini sökərkən süni şəkildə əlavə kvadrat metr sahələr göstərməklə dövlətin külli miqdarda vəsaitini mənimsəyirlər. Bu hal Bakı şəhərində artıq ənənə halını alıb. Bu məmurları, ancaq onların büdcələri və mənafeləri maraqlandırır. Bununla belə Malik Həsənovun qəbulunda olarkən o bizə bu işlərə dövlət büdcəsindən hər hansı vəsaitin ayrılmadığını, bütün işlərin yalnız iki qardaş tərəfindən yuxarıların göstərişilə həyata keçirdiklərini bəyan etmişdir. Bakı şəhərində söküntüyə məruz qalmış bütün ərazilərdə Həsənov qardaşları və onların baş ideoloqu Yusif Qəmbərov maliyyə maxinasiyaları aparır və çox təəssüf ki, bu faktları heç bir dövlət qurumu araşdırmaq iqtidarında deyil.
Azadlıq prospekti 154 ünvanında yerləşən 16 mərtəbəli binanın söküntüsü üçün 40 milyon manata yaxın dövlət büdcəsindən pul ayrıldığı halda Həsənov qardaşları həmin pulların müqabilində obyektlərin əvəzində dövlətin balansında olan yararsız və lazımsız yerləri təklif edir. Konkret olaraq “Gülnarə” restoranının əvəzində təklif olunan yer obyektə ayrılmış vəsaitin heç 10 faizini də təşkil etmir.
Həsənov qardaşları bu cür amansız oyunlar oynayır. Ümidimiz sizədir, inanırıq ki, bu məsələni diqqətdə saxlayacaqsınız".
azadlıq