BolgeXeber.Com » Sosial » Əhalinin su və kanalizasiya borcları silindi

Əhalinin su və kanalizasiya borcları silindi

9-04-2011, 10:50
Oxunub: 7 002
Prezident İlham Əliyev 2011-ci il 1 fevral tarixinə qədər yaranmış borcların silinməsi barədə fərman imzalayıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb.Bolgexeber.com “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, fərmanda son illərdə respublikamızın yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görüldüyü qeyd olunur.

Fərmanda daha sonra deyilir: “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir, yeni su təchizatı və kanalizasiya obyektləri tikilib istismara verilir, digər zəruri tədbirlər yerinə yetirilir. Görülən tədbirlər əhalinin içməli su ilə fasiləsiz təmin olunmasına müsbət təsir göstərməkdədir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti:

2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərsin;

2.2. istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün;

3.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.