BolgeXeber.Com » BÖLGƏ TV » Yasamalda məcburi köçkünlərə və ulu öndərə hörmətsizlik olub?-VİDEO

Yasamalda məcburi köçkünlərə və ulu öndərə hörmətsizlik olub?-VİDEO

14-11-2014, 12:50
Oxunub: 4 558 İcra nümayəndələrinin gözü o qədər qaralıb ki, Ulu öndər Heydər Əliyevin rəsmini belə dağıntılar altında qoymaqdan çəkinməyiblər

Son zamanlar məcburi köçkünlərin evlərindən ikinci dəfə məcburi çıxarılması halları artmaqda davam edir. Arada sadəcə bir fərq var ki, bu da onların düşmən tərəfindən deyil, öz həmyerlilərimiz tərəfindən didərgin edilmələridir. Elə Yasamal rayonu Qanlıgöl adlanan ərazidə məskunlaşan məcburi köçkünlərin keçmiş xatirələrini canlandırıb qaysaq bağlayan yaralarını yenidən qanadan da öz həmyerlilərimiz olub. Belə ki, şikayətçilərin sözlərinə görə əraziyə gələn Yasamal rayon dövlətqaçqınkomun icra nümayəndələri evləri içində insanlar ola-ola yıxmağa başlayıblar. Nə qoca, nə də uşaq demədən evləri yıxmağa başalayan icra nümayəndələri evdəki əşyaları belə çıxarmağa imkan verməyiblər. Evi sökülən Leyla Əkbərova bildirib ki, hətta evdə namaz qılan anasına da rəhm olunmayıb. Minbir əziyyətlə tikdiyi evdə namaz qılan anasına namazını bitirməyə belə imkan verməyiblər..
Heç nəyə məhəl qoymadan ətrafı xarabalığa çevirən icra nümayəndələri evin tikilişinə icazə verən sənədlərə də məhəl qoymayıblar. Bütün bunlar azmış kimi sökülən evlərin sakinlərinə bir manat belə olsun kompensasiya ödənilməyib. Şikayətçilərin sözlərinə görə hadisə zamanı ərazidə Yasamal rayon polis idarəsinin əməkdaşları və dövlətqaçqınkomun sədr müavini Gəray Fərhadov olub və əmirləri də şəxsən özü verib..
Deyəsən Məhərrəmlik ayında ürəklərindən mərhəmət hissi əksilən icra nümayəndələrinin gözü o qədər qaralıb ki, Ulu öndər Heydər Əliyevin rəsmini belə dağıntılar altında qoymaqdan çəkinməyiblər. Belə ki, sözün əsil mənasında evi başına yıxılan Ülviyyə Nəsibovanın sözlərinə görə Ulu öndərin rəsmini görən icra nümayəndələri "daha onun sözü keçmir, bizim sözümüz keçir" deyib evi buldozerə veriblər. Özünü isə ayaqyalın, başıaçıq halda sürüyərək çölə atıblar..
İllərdir ev problemi yaşayan Rauf Nuriyev də sabah-birigün onun da evinin başına yıxılacağından əmindir. Təbii ki, bura ev demək olarsa.. O bildirib ki, dəfələrlə Əli Həsənova məktub ünvanlasa da onun qəbuluna heç cür düşə bilməyib. Heç bir dövlət qurumu da onun şikayətinə baxmır, gələnlər isə ondan susmasını tələb ediblər. Əks halda heç bir şəraiti olmayan bu evi də dağıdacaqları ilə bağlı hədə-qorxu gəliblər. Onun sözlərinə görə qaçqınlar üçün tikilən evlərin bölgüsü də qeyri-şəffaf aparılır. Beləki, üç-dörd yerdə evi olanlara ev verilir amma evi olmayan və acınacaqlı vəziyyətdə yaşayan məcburi köçkünlərə isə ev verilmir. Dövlətqaçqınkom nümayəndələrinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsi ucbatından Rauf Nuriyev dövlətin onlara olan qayğısını duya bilmir. Bu səbəbdən də o son ümid yerini xarici dövlətlərdən sığınacaq istəməkdə görür..
Məsələ ilə bağlı məcburi köçkünlərin məskunlaşma və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov ilə dəfələrlə əlaqə saxlamaq istəsəkdə dəstəyi qaldıran xanım Sənan bəyin ezamiyyətdə olduğunu bildirdi. Biz də suallarımıza cavab tapmaq üçün Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Şahin Məmmədova zəng etdik. Şahin Məmmədov şikayətçilərin dediklərini təqzib edib söylənənlərin gerçək olmadığını bildirdi. Ulu öndər Heydər Əliyevin rəsminin də bilərəkdən dağıntılar altına atıldığını və bunun təxribat xarakterli informasiya olduğunu bildirdi. Sənan Hüseynovun dediklərinin nə dərəcədə gerçək olub olmadığını deyə bilmərik amma gözümüzlə gördüklərimizin bizə nə dediyi ortadadır. Necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. Məsələni diqqətdə saxlayacağıq..

Babək Zeynal
Lamiyə Umudlu
Anar Həsənov
Bölgə Xəbər.TV