BolgeXeber.Com » BÖLGƏ TV » Leyla Yunus 8,5, Arif Yunus 7 il azadlıqdan məhrum edildi-VİDEO

Leyla Yunus 8,5, Arif Yunus 7 il azadlıqdan məhrum edildi-VİDEO

13-08-2015, 19:01
Oxunub: 2 694 Leyla Yunus 8,5, Arif Yunus 7 il azadlıqdan məhrum edildi-VİDEOMəhkəmə onların əmlaklarının da müsadirə edilməsinə qərar verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.